İxtisas seçiminin nəticəsi hamını sevindirməyəcək – PROQNOZ
Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi başa çatıb və hazırda abituriyentlər yerləşdirmənin nəticələrini gözləyirlər. İmtahanda toplanılan bal qəbul imkanını müəyyən edən əsas amillərdən olsa da, yekun nəticəyə ixtisas seçimi zamanı qurulan strategiya da birbaşa təsir göstərir.
Belə ki, abituriyentin öz balına uyğun olmayan ixtisaslara üstünlük verməsi, seçimlərini düzgün ardıcıllıqla sıralamaması və daha real qəbul imkanına malik alternativləri siyahıya daxil etməməsi onun topladığı bala baxmayaraq, müsabiqədən kənarda qalması ilə nəticələnə bilər. Xüsusilə yüksək rəqabətin olduğu ixtisaslarda yanlış seçim strategiyasının qəbul nəticələrinə təsirinin hansı miqyasda olacağı diqqət çəkən məsələlərdəndir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, builki qəbul kampaniyasında yanlış ixtisas seçimi edən və seçimlərini düzgün planlaşdırmayan bəzi abituriyentlərin qəbul şansını itirməsi ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, abituriyentlər ixtisas seçimi zamanı yalnız əvvəlki illərin keçid ballarına deyil, Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik göstəricilərə də əsaslanmalıdırlar.
“Abituriyentlər ixtisas seçimi edərkən Dövlət İmtahan Mərkəzinin ümumi statistikasını ciddi şəkildə təhlil etməlidirlər. Bal aralıqları analiz olunmalı, əvvəlki illərlə müqayisə aparılmalıdır. Təəssüf ki, bəzi abituriyentlər bu analizi aparmadan yalnız ötən ilin keçid ballarına əsasən seçim edirlər. Nəticədə topladıqları bala uyğun ixtisaslara qəbul ola bilmirlər və bu da sonradan məyusluq yaradır”.
Ekspert vurğulayıb ki, builki qəbulda xüsusilə rus bölməsi üzrə vəziyyət daha mürəkkəb olacaq:
“Bu il rus bölməsində tədris olunan ixtisasların sayının azalması, eyni zamanda bəzi ixtisaslarda rus və Azərbaycan bölməsi abituriyentlərinin birlikdə müsabiqəyə buraxılması aşağı bal toplayan rus bölməsi məzunları üçün ciddi problem yaradacaq. Xüsusilə özəl ali təhsil müəssisələrində rus dilində tədris olunan ixtisasların olmaması onların qəbul imkanlarını daha da məhdudlaşdıracaq”.
R.Nurəliyev I ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlər üçün keçid ballarında müəyyən azalma gözlədiyini bildirib:
“I ixtisas qrupunda, xüsusilə 450 baldan yuxarı nəticə göstərən abituriyentlər üzrə həm riyaziyyat-kimya, həm də riyaziyyat-informatika alt qruplarında ixtisasdan asılı olaraq keçid ballarında 20-25 bala qədər enmə ehtimalı var. Orta ballar əsasən sabit qalacaq. Aşağı ballarda isə, xüsusilə riyaziyyat-informatika alt qrupunda vəziyyət daha çətin olacaq. Rus bölməsində isə tədris rus dilində olan ixtisaslarda keçid ballarının artacağı qaçılmaz görünür”.
Ekspert II ixtisas qrupu üzrə də oxşar tendensiyanın müşahidə olunacağını deyib:
“II ixtisas qrupunda 350 baldan yuxarı nəticə göstərənlər üçün keçid ballarında ixtisasdan asılı olaraq 5-20 bala qədər azalma mümkündür. Orta ballar əsasən sabit qalacaq. Aşağı ballarda isə artım gözlənilir. Rus bölməsində vəziyyət daha gərgindir. Azərbaycan bölməsində də bəzi ixtisaslarda keçid ballarının 10-15 bal artacağı ehtimal olunur”.
Onun fikrincə, builki ən mürəkkəb vəziyyət III ixtisas qrupunda yaranacaq:
“III ixtisas qrupunda yüksək bal toplayan, xüsusilə 500-550 baldan yuxarı nəticə göstərən abituriyentlər üçün bəzi ixtisaslarda 10 bala qədər enmə mümkündür. Hüquq ixtisasında keçid balının 5-10 bal azalacağını ehtimal edirəm. Orta ballar əsasən sabit qalacaq. Lakin aşağı ballarda vəziyyət xeyli çətin olacaq. Hesab edirəm ki, 270-280 baldan aşağı nəticə göstərənlərin qəbul şansı çox zəifdir və təxminən 5-6 min abituriyent müsabiqədən kənarda qala bilər”.
Ekspert III qrupun TC alt qrupu üzrə daha ciddi rəqabət gözlədiyini bildirib:
“TC alt qrupunda vəziyyət xüsusilə ağır olacaq. İxtisasdan asılı olaraq keçid ballarında 30-70 bal arasında artım ola bilər. Hesab edirəm ki, bu alt qrupda 250 baldan aşağı keçid balı olan ixtisas qalmayacaq”.
R.Nurəliyev IV ixtisas qrupunda ən böyük artımın tibb ixtisaslarında olacağını qeyd edib:
“Plan yerlərinin dəyişməməsi və yüksək bal toplayanların sayının artması səbəbindən tibb ixtisaslarında keçid ballarının 625-630 bal intervalında formalaşacağını gözləyirəm. Bu da əvvəlki illə müqayisədə təxminən 25-30 bala qədər artım deməkdir”.
Ekspert əlavə edib ki, IV qrupda yeni açılan biotexnologiya ixtisası orta bal toplayan abituriyentlər üçün əlavə imkan yaradacaq:
“Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində açılan biotexnologiya ixtisası, xüsusilə 500-600 bal aralığında nəticə göstərən abituriyentlər üçün əlavə seçim imkanı yaradacaq. Bu ixtisaslar ingilis dilində tədris olunur və Bakı Mühəndislik Universitetində ikili diplom proqramı da mövcuddur. Aşağı ballarda isə bəzi ixtisaslarda 5-15 bal arasında artım mümkündür”.
R.Nurəliyev V ixtisas qrupunda isə əksinə, keçid ballarında azalma gözlədiyini bildirib:
“V ixtisas qrupunda, xüsusilə dizayn və idman istiqamətləri üzrə, məşqçilik ixtisası istisna olmaqla, keçid ballarında 10-15 bala qədər enmə ehtimalı var”.
Ekspert sonda builki qəbul kampaniyasının əsas xüsusiyyətini belə ümumiləşdirib:
“Ümumilikdə yüksək bal toplayan abituriyentlər üçün vəziyyət əksər ixtisas qruplarında əlverişlidir. Əsas çətinlik aşağı bal toplayanlarda müşahidə olunacaq. Rus bölməsi abituriyentləri üçün isə builki qəbul əvvəlki illərlə müqayisədə daha gərgin olacaq. Xüsusilə Azərbaycan bölməsi ilə birgə müsabiqəyə qatıldıqları ixtisaslarda onların qəbul imkanlarının xeyli azalacağını düşünürəm”.
Mənbə: Modern.az