Pakistanın ŞƏT-ə sədrliyi Azərbaycan üçün nə vəd edir? – Sabiq səfir AÇIQLADI

0

Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi öz üzərinə götürəcək. Bununla da İslamabad qarşısında regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm imkanlar açılır. Pakistanın sədrliyi dövründə əsas diqqətin regional bağlantıların, iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində birgə səylərin genişləndirilməsinə yönələcəyi gözlənilir. Bu proses Azərbaycan-Pakistan münasibətlərinin inkişafı baxımından da yeni perspektivlər yaradır. Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlər son illərdə müxtəlif istiqamətlərdə daha da möhkəmlənib.

Pakistanın ABŞ və Çindəki sabiq səfiri Məsud Xan Oxu.Az-a müsahibəsində bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik üzv dövlətlərin Pakistana göstərdiyi etimadı əks etdirir və bizə təşkilatın ümumi gündəliyinə konstruktiv töhfə vermək üçün mühüm imkan yaradır:

– Pakistan ŞƏT çərçivəsində artıq razılaşdırılmış prioritetlər üzərində işini davam etdirəcək. Xüsusilə infrastrukturun inkişafı vasitəsilə regional bağlantıların gücləndirilməsinə, iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsinə, banklararası əməkdaşlığın təşviqinə, habelə terrorizm və ekstremizmə qarşı birgə səylərin daha da möhkəmləndirilməsinə diqqət yetiriləcək.

Biz, həmçinin üzv dövlətlər arasında mədəni və xalqlararası mübadilələrin genişləndirilməsini istərdik. Çünki davamlı regional əməkdaşlıq yalnız hökumətlər və institutlar vasitəsilə deyil, həm də xalqlar arasında daha sıx əlaqələrin qurulması ilə təmin olunur.

– Pakistan ŞƏT-ə sədrliyi dövründə kommunikasiya layihələrinin inkişafına hansı formada töhfə verə bilər?

– ŞƏT Avrasiyanın əhəmiyyətli bir hissəsini əhatə edir və bu məkanın ticarət, bağlantı, enerji, texnologiya və insan inkişafı sahələrində böyük potensialı var. Buna görə də Pakistan üzv dövlətlər arasında daha geniş qarşılıqlı əlaqələrin təşviqinə və təşkilatın baxışlarının konkret nəticələrə çevrilməsinə töhfə vermək istəyir.

– Azərbaycan ŞƏT-lə əlaqələrini inkişaf etdirir, həmçinin Pakistanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Belə olan halda, Pakistanın sədrliyi dövründə təşkilatla əlaqələrin hansı formada inkişaf edəcəyi də xüsusi maraq doğurur.

– Pakistan ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı hörmət üzərində qurulub. Bu əlaqələr yalnız iki ölkənin hökumətləri ilə məhdudlaşmır, bu, Pakistan və Azərbaycan xalqları arasında olan münasibətlərdir. Pakistan xalqının Azərbaycana qarşı səmimi sevgisi və xoş münasibəti ikitərəfli əlaqələrimiz üçün çox möhkəm təməl yaradır. İllər ərzində tərəfdaşlığımız müdafiə, ticarət, investisiya, texnologiya, enerji və qarşılıqlı maraq doğuran digər sahələr də daxil olmaqla geniş istiqamətləri əhatə edəcək şəkildə inkişaf edib.

Pakistanla Azərbaycan beynəlxalq platformalarda ardıcıl olaraq bir-birini dəstəkləyiblər və əməkdaşlığımız regional sülhə, sabitliyə və inkişafa olan ortaq sadiqliyimizi əks etdirir. Azərbaycanın ŞƏT-lə artan əlaqələri Avrasiya əməkdaşlığının daha geniş kontekstində də mühüm əhəmiyyət daşıyır. Təşkilat region üzrə dialoq və əməkdaşlıq üçün getdikcə daha mühüm platformaya çevrilir. Azərbaycan isə strateji mövqeyi, eləcə də artan iqtisadi və bağlantı potensialı ilə bu prosesə dəyərli töhfə verə bilər. Əminəm ki, Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Pakistan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri daha da dərinləşəcək.

Azərbaycan Pakistanın xarici siyasətində, eləcə də Avrasiya regionunda daha güclü əməkdaşlıqla bağlı baxışımızda mühüm yer tutur. Pakistan sədrliyindən istifadə edərək regionun ölkələri arasında daha güclü bağlantıların, iqtisadi qarşılıqlı əlaqələrin və xalqlararası təmasların təşviqinə çalışacaq. Bu baxımdan, Azərbaycanın ŞƏT-in proses və təşəbbüslərində fəal iştirakını alqışlayacaq və təşviq edəcəyik.

– Pakistan və Azərbaycan məhz bu kontekstdə hansı əlaqələrə malikdir?

– İki ölkə regional bağlantıların, iqtisadi əməkdaşlığın, ticarət və investisiyaların, eləcə də mədəni və təhsil mübadilələrinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək üçün geniş imkanlara malikdir. Ölkələrimiz etimad, həmrəylik və ortaq arzulara əsaslanan münasibətləri bölüşür. Pakistan ŞƏT çərçivəsində bu mühüm məsuliyyəti öz üzərinə götürərkən, əminəm ki, Pakistan-Azərbaycan münasibətləri daha böyük dinamika və dərinlik qazanacaq, iki qardaş xalqımız arasındakı bağlar daha da möhkəmlənəcək.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More