UNEC və Qırğızıstanın 5 universiteti əməkdaşlıq edir
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq ötən ildən etibarən daha da genişlənib. 2025-ci ilin noyabrında UNEC nümayəndə heyətinin Qırğızıstana işgüzar səfəri olub. Həmin vaxt bu ölkənin beş aparıcı ali təhsil müəssisəsi – Qırğızıstan–Türkiyə Manas Universiteti, Bişkek Dövlət Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti, İ.Arabayev adına Qırğız Dövlət Universiteti və Yusif Balasaqunlu adına Qırğız Milli Universitetində görüşlər keçirilib.
UNEC-dən Modern.az-a bildirilib ki, görüşlər zamanı tələbə və müəllim mübadiləsinin təşkili, birgə elmi tədqiqatların aparılması, müştərək elmi nəşrlərin hazırlanması, beynəlxalq konfrans və seminarların keçirilməsi, ikili diplom proqramlarının yaradılması, rəqəmsal təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi kimi məsələlər müzakirə olunub.
Eyni zamanda, ayrı-ayrı universitetlərlə əməkdaşlığın onların akademik profillərinə uyğun spesifik istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılıqlar əldə olunub.
Səfərin nəticəsi olaraq UNEC ilə Qırğızıstanın beş aparıcı universiteti arasında təhsil, elm və innovasiya sahələrini əhatə edən geniş əməkdaşlıq gündəliyi formalaşıb.
Mənbə: Modern.az