Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? – İqtisadçılar izah edirlər – VİDEO
Azərbaycanda Rəqabət Məcəlləsi 2024-cü ilin ikinci yarısından qüvvəyə minib. Uzun müddət qəbul edilməsi gözlənilən sənədin ölkədə əlverişli biznes mühitinin inkişafına, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artmasına geniş imkanlar yaradacağı gözlənilirdi.
Bəs ötən iki il ərzində Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı gözləntilər nə dərəcədə özünü doğruldub?
İqtisadçı Eldəniz Əmirov Baku TV-yə müəyyən istiqamətlərdə müsbət dəyişikliklərin müşahidə olunduğunu bildirib.
Onun sözlərinə görə, bu təsirlər bütün sektorlar üzrə eyni səviyyədə deyil:
“Bəzi hallarda rəqabət mühitinin yaxşılaşması, qaydaların daha şəffaf olması, eyni zamanda bazar iştirakçılarının davranışlarında müəyyən dəyişikliklər nəzərə çarpır. Amma bəzi sahələrdə bunun təsirləri hələ tam görünmür. Bunu da normal hesab etmək lazımdır. Çünki bu tip məcəllələrin tam işlək vəziyyətə gətirilməsi üçün uzun müddət tələb olunur”.
E.Əmirov hesab edir ki, gələcəkdə Rəqabət Məcəlləsində müəyyən dəyişikliklərin edilməsinə də ehtiyac yarana bilər.
İqtisadçı Xalid Kərimli isə rəqabət mühitinin gücləndirilməsi istiqamətində yalnız Rəqabət Məcəlləsinin qəbul edilmədiyini, digər tədbirlərin də həyata keçirildiyini xatırladıb.
O, qanunvericiliyə uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinin nəticələrinin ictimaiyyətə daha geniş açıqlanmasının vacibliyini vurğulayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, Rəqabət Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan 2026-cı ilin birinci yarısının sonunadək antiinhisar nəzarəti sahəsində qanunvericiliyin pozulması halları ilə bağlı agentliyə 340 müraciət daxil olub.
Məlumata görə, müraciətlərdən 52-si təmin edilib, 220-si üzrə qanunvericiliyə uyğun izahat və tövsiyələr verilib.
Bundan başqa, 20 müraciət zəruri sənədlərin təqdim edilməməsi səbəbindən dayandırılıb, 10 müraciət aidiyyəti üzrə digər dövlət orqanlarına göndərilib, iki müraciət üzrə isə aidiyyəti quruma müraciət edilməsi tövsiyə olunub.
Hazırda 30 müraciət üzrə araşdırma davam etdirilir.
Agentlikdən bildirilib ki, müraciətlər əsasən qida və qeyri-qida məhsulları, nəqliyyat, dərman vasitələri və tibbi avadanlıqlar, ictimai iaşə və digər sahələri əhatə edib.
Mənbə: Oxu.az