Böyük Qayıdış – Zəfərin ən mühüm sosial nəticəsi

0

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu möhtəşəm Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün tamamilə yeni imkanlar yaratdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və Qarabağla Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına reinteqrasiyası oldu. Bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın yalnız torpaqlarını azad etməklə kifayətlənmədiyini, həm də həmin ərazilərdə müasir həyat qurmaq əzmində olduğunu nümayiş etdirir. Zəfərdən sonra başlanan bərpa prosesi dövlətimizin iqtisadi gücünün, siyasi iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının bariz nümunəsidir.

Azərbaycan xalqının qazandığı tarixi Qələbənin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da Vətən müharibəsində göstərilən qəhrəmanlığın qiymətləndirilməsi məqsədilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də müxtəlif medal və təltiflər təsis edildi. 2020-ci il dekabrın 3-də imzalanmış Sərəncamla noyabrın 8-i Zəfər Günü elan olundu. Hər il bu tarixin dövlət səviyyəsində qeyd edilməsi xalqımızın qəhrəmanlıq tarixinin yaşadılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı Azərbaycan Ordusunun qüdrətinin, xalqımızın birliyinin və tarixi Qələbənin təntənəsinin nümayişi idi. 2021-ci il aprelin 12-də açılan Hərbi Qənimətlər Parkı da Vətən müharibəsinin tarixi yaddaşını yaşadan mühüm məkanlardan biridir. Burada nümayiş etdirilən hərbi texnika və digər eksponatlar müharibənin gedişi, ordumuzun qəhrəmanlığı və Azərbaycanın hərbi qüdrəti haqqında geniş təsəvvür yaradır. Zəfərin əbədiləşdirilməsi istiqamətində ən mühüm layihələrdən biri isə Bakıda yaradılmış Zəfər parkı və Zəfər muzeyidir. 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışı keçirildi. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi 44 metr hündürlüyündə, 22 metr enində və 44 sütundan ibarət Zəfər tağı inşa olundu. 2025-ci il noyabrın 8-də Zəfər muzeyinin açılışı isə xalqımızın qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə oldu. Muzeydə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, dövlət suverenliyinin bərpası və azad edilmiş ərazilərdə dirçəliş prosesinə həsr olunmuş ekspozisiyalar yaradılıb.

2020-ci ilin Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin edilməsi 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra mümkün oldu. 2023-cü il sentyabrın 19-da başlayan əməliyyat nəticəsində separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası təmin edildi. Sentyabrın 20-də əldə olunan razılaşmadan sonra ölkəmiz bütün ərazilərində dövlət hakimiyyətini təmin etmək üçün yeni mərhələyə qədəm qoydu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması müasir tariximizin ən əlamətdar hadisələrindən biri oldu. 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi, sentyabrın 20-nin hər il bu əlamətdar gün kimi qeyd olunması dövlət müstəqilliyimizin və suverenliyimizin əhəmiyyətini bir daha təsdiqlədi.

Azərbaycanın tarixi Qələbədən sonra qarşıya qoyduğu əsas hədəflərdən biri doğma yurdlarından didərgin salınmış insanların öz torpaqlarına qayıtmasını təmin etməkdir. Bu məqsədlə Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. Böyük Qayıdış yalnız insanların öz evlərinə dönməsi deyil. Bu, Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın, sosial infrastrukturun, təhsil və səhiyyə sisteminin, mədəni həyatın yenidən qurulması deməkdir. İşğaldan azad edilmiş ərazilərdə yollar, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər sosial obyektlər inşa olunur. Şəhər və kəndlərimiz müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiqi Qarabağın gələcək inkişaf modelinin mühüm istiqamətlərindəndir. Zəngilanın Ağalı kəndi bu baxımdan yeni yanaşmanın nümunəsinə çevrilib. Böyük Qayıdış çərçivəsində 2020-ci ildən 2026-cı il də daxil olmaqla azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulub. Bu rəqəmlər dövlətin Qarabağın dirçəldilməsinə verdiyi strateji əhəmiyyəti aydın göstərir. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, azad edilmiş ərazilərdə bərpa olunmuş yaşayış məntəqələrinə 40 922 nəfərdən ibarət 10 114 ailənin qayıdışı təmin edilib. Ümumilikdə 10 şəhər, 3 qəsəbə və 34 kənd olmaqla 47 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər yenidən məskunlaşıblar. Hazırda azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bu göstəricilər Böyük Qayıdışın artıq real nəticələr verdiyini təsdiqləyir.

Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması üçün yaşayış evlərinin tikilməsi ilə yanaşı, əhalinin məşğulluğuna və sosial xidmətlərə əlçatanlığına da xüsusi diqqət yetirilir.

Vətən müharibəsində əldə edilən tarixi Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və qəhrəman hərbçilərimizin misilsiz fədakarlığı dayanır. Buna görə də dövlətin əsas vəzifələrindən biri şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə hərtərəfli dəstək göstərməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədən sonrakı dövrdə bu istiqamətdə genişmiqyaslı sosial dəstək proqramları həyata keçirilir. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiyası, məşğulluğunun təmin edilməsi, sosial ödənişlərin artırılması və tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, Vətən uğrunda canından keçənlərin ailələri və sağlamlığını itirən qazilər heç vaxt diqqətdən kənarda qalmamalıdır.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm hissəsidir. Azad edilmiş ərazilərdə beynəlxalq nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması, turizmin inkişafı, kənd təsərrüfatı və sənaye potensialının reallaşdırılması regionun ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın 2030-cu ilədək müəyyən etdiyi Milli Prioritetlər sırasında xüsusi yer tutur. Böyük Qayıdışın davamlılığını təmin etmək məqsədilə 2025-ci ildə II Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırığın verilməsi də bu siyasətin uzunmüddətli xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” fikirləri bu gün Qarabağda həyata keçirilən bütün layihələrin mahiyyətini ifadə edir.

Zəfər Günü yalnız keçmişdə əldə edilmiş hərbi Qələbəni xatırlamaq üçün deyil, həm də həmin Qələbənin yaratdığı yeni imkanları dəyərləndirmək üçün əlamətdar gündür. Bu gün azad Qarabağda tikilən hər bir ev, açılan hər bir məktəb, salınan hər bir yol, fəaliyyətə başlayan hər bir müəssisə tarixi Zəfərin davamıdır. Azərbaycan xalqı öz qəhrəman övladlarının canı və qanı bahasına əldə etdiyi Qələbəni quruculuq, inkişaf və tərəqqi ilə möhkəmləndirir. Qarabağda həyatın yenidən canlanması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və yeni nəslin bu torpaqlarda böyüməsi Zəfərin ən böyük mənəvi nəticəsidir. 8 Noyabr – Zəfər Günü bizə bir daha sübut edir ki, xalqın birliyi, dövlətin gücü və milli iradə qarşısında heç bir maneə dayana bilməz. Bu Zəfər Azərbaycan xalqının əbədi qürur mənbəyi, gələcək nəsillər üçün isə müstəqillik, vətənpərvərlik və dövlətçilik nümunəsidir.

Qarabağ Azərbaycandır! Zəfərimiz əbədidir!

 

 

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More