Şuşa Zəfəri gələcək nəsillərə örnəkdir

0

8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş tarixi hadisənin, xalqımızın sarsılmaz iradəsinin, qəhrəmanlığının və milli birliyinin təntənəsidir. Bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsi deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına aparan mübarizənin ən parlaq səhifələrindən biridir. Şuşanın azadlığı xalqımızın illərlə qəlbində yaşatdığı müqəddəs arzunun gerçəkləşməsi, milli qürurumuzun yenidən yüksəlişi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” tarixi müraciəti Azərbaycan xalqının yaddaşında Zəfərin rəmzinə çevrildi. Bu sözlərdə həm illərin həsrəti, həm döyüş meydanında qazanılmış qələbənin sevinci, həm də doğma şəhərin yenidən qurulmasına dair qətiyyətli iradə ifadə olunurdu.

Qarabağ Zəfərinə aparan yol uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, milli birliyin və güclü dövlət quruculuğunun nəticəsi idi. Bu prosesin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və Azərbaycanın gələcəyinə dair strateji baxışı müstəqil dövlətimizin möhkəmlənməsində mühüm rol oynadı. Sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni mərhələdə uğurla davam etdirildi. Ölkənin iqtisadi potensialı gücləndirildi, beynəlxalq mövqeləri möhkəmləndirildi, ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz edildi, hərbi qulluqçuların peşəkarlığının və döyüş hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bütün bunlar nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək gücündə olan qüdrətli dövlətə çevrilməsini təmin etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi və uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsi üçün yaranmış imkanlardan Azərbaycan özü istifadə etdi. Bu Zəfərin əsas dayaqlarından biri də xalq-ordu-lider birliyi idi. 2020-ci ildə Azərbaycan xalqı öz rəhbərinin ətrafında sıx birləşərək misilsiz milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi hər bir azərbaycanlının qəlbində vətən sevgisinin, torpaq təəssübkeşliyinin və milli məsuliyyət hissinin nə qədər güclü olduğunu bir daha göstərdi.

Vətən müharibəsinin ilk günlərindən Prezident İlham Əliyev Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayırdı. Dövlət başçısı dəfələrlə bildirirdi ki, Şuşasız Qarabağ məsələsinin həlli yarımçıq qalardı. Çünki Şuşa yalnız coğrafi ərazi və strateji mövqe deyil, Azərbaycanın tarixi yaddaşı, milli mədəniyyəti və mənəvi varlığının ayrılmaz hissəsidir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı ərazilərimizi bir-bir azad etdi. Döyüşlərin ən mürəkkəb və həlledici mərhələlərindən biri isə Şuşa əməliyyatı oldu. 2020-ci il noyabrın əvvəlində Azərbaycan hərbçiləri son dərəcə çətin relyef şəraitində, sıldırım qayalardan, meşələrdən və dərin dərələrdən keçərək Şuşaya doğru irəlilədilər. Ağır texnikanın hərəkəti üçün əlverişli olmayan ərazilərdə şəxsi heyətin göstərdiyi qəhrəmanlıq, yüksək döyüş ruhu və peşəkarlıq hərb tariximizin unudulmaz səhifəsinə çevrildi. Noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Bu, Vətən müharibəsinin taleyini müəyyənləşdirən ən mühüm hadisələrdən biri idi. Şuşa əməliyyatı Azərbaycan əsgərinin gücünü, iradəsini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad edildiyini bəyan etdi. Bu çıxış xalqımızın yaddaşında xüsusi yer tutur. Dövlət başçısının “Bu, dəmir yumruqdur” ifadəsi isə Vətən müharibəsi dövründə xalqımızın birliyinin, qətiyyətinin və mübarizə əzminin rəmzinə çevrildi. Şuşanın azad edilməsi ilə Azərbaycanın hərbi-siyasi üstünlüyü daha da möhkəmləndi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat müharibənin dayandırılmasını və yeni reallıqların formalaşmasını təmin etdi. Lakin Azərbaycan xalqının əsas məqsədi bununla məhdudlaşmırdı. Qarabağda separatizmin və silahlı qanunsuz birləşmələrin mövcudluğuna birdəfəlik son qoyulması istiqamətində proses davam etdirildi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində bölgədə Azərbaycanın suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ Zəfərinin siyasi və hüquqi nəticələri daha da möhkəmləndi.

Şuşanın azad edilməsi Prezident İlham Əliyev üçün yalnız dövlət başçısı və Ali Baş Komandan kimi deyil, həm də Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı kimi xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Dövlət başçısının Şuşanın azad edilməsindən sonra söylədiyi fikirlər bu tarixi hadisənin mənəvi dəyərini aydın ifadə edir:“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması Zəfərin əbədiləşdirilməsinin rəmzi hadisəsinə çevrildi. Üçrəngli bayrağımızın Şuşada dalğalanması Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin və tarixi qayıdışının təntənəsi idi. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 8 noyabrın Şuşa şəhəri günü kimi qeyd olunması bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin növbəti ifadəsi oldu. Bu gün Şuşa Zəfəri Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun mühüm tərkib hissəsidir. Şuşanın azad edilməsi bir daha sübut etdi ki, xalqın iradəsi, güclü dövlətçilik və milli birlik qarşıya qoyulan ən böyük məqsədlərin reallaşdırılmasında həlledici amillərdir. Bu Zəfərin qəhrəmanları şəhidlərimiz, qazilərimiz, döyüşlərdə iştirak edən igid əsgər və zabitlərimizdir. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Şuşanın hər küçəsi, hər daşı, hər qayası Vətən uğrunda göstərilən qəhrəmanlığın canlı şahididir. 8 Noyabr Azərbaycan tarixində yalnız qələbə günü deyil, həm də milli özünüdərkin, mənəvi dirçəlişin və gələcəyə inamın təntənəsidir. Bu gün azad Şuşada dalğalanan üçrəngli bayrağımız xalqımızın qürurunu, dövlətimizin qüdrətini və müstəqilliyimizin əbədiliyini təcəssüm etdirir.

Son illərdə Şuşa beynəlxalq tədbirlərin, siyasi dialoqun və mədəniyyətlərarası əməkdaşlığın mühüm məkanına çevrilib. Şəhərdə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumları və digər tədbirlər onun beynəlxalq tanınmasına mühüm töhfə verir. 2021-ci ildə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Şuşa Bəyannaməsinin imzalanması şəhərin siyasi tarixində xüsusi yer tutur. 2024-cü ilin iyulunda Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması isə Şuşanın türk dünyasının siyasi və diplomatik həyatında artan rolunu nümayiş etdirdi. Şuşada müxtəlif dövlətlərin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlər və mədəni tədbirlər şəhərin beynəlxalq əməkdaşlıq üçün əlverişli platformaya çevrildiyini göstərir. 2026-cı ilin iyulunda IV Şuşa Qlobal Media Forumunun təşkili də bu ənənənin davamıdır. Şuşa bu gün öz tarixi missiyasını yeni məzmunda davam etdirir: o, Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, beynəlxalq dialoq, mədəni diplomatiya və turizm məkanı kimi də inkişaf edir.

Şuşa azaddır, Şuşa dirçəlir, Şuşa yaşayır!

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More