Aktual Bu gün, 15:52 Ağdamda şəhid ailələrinin iştirakı ilə konfransı keçirilib – FOTOLAR

2026-cı il iyunun 4-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağdam şəhərində Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans keçirib. 

Modern.az xəbər verir ki, konfrans Azərbaycanın Dövlət Himni, Türkiyənin “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb, Azərbaycan və Türkiyənin şəhid ailələri ilə işə dair videoçarx nümayiş etdirilib.  

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova konfransın əsas məqsədinin iki qardaş ölkənin şəhid ailələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması olduğunu diqqətə çatdırıb. 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. 

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid və Qazi Ailələri ilə İş Agentliyinin şöbə müdiri Ayşənur Dinç Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin genişlənməsinin böyük mənəvi dəyəri olduğunu bildirib.

Türkiyədən şəhid ailəsinin üzvü –  Diyarbəkir şəhidi Ahmet Kılıçarslanın həyat yoldaşı Aişə Kılıçarslan yenidən qurulan, azadlığına qovuşmuş Qarabağ barədə yüksək təəssüratlarını bölüşüb, Azərbaycandan olan şəhid ailələrinə Vətən yolunda qurban verdikləri övladları ilə nə qədər fəxr etsələr, az olduqlarını bildirib. Tədbirdə Ağdamın ictimaiyyət nümayəndələri – Çimnaz Əliyeva, Səbinə Gözəlova, Tünzalə Vəliməmmədova da iştirak edib, onlar çıxışlarında şəhid ailələrinə mənəvi dəstək ifadə ediblər. 

Konfransda Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi Səbinə Ərəbli və Əməkdar artist Fehruz Məmmədovun iştirakı ilə musiqi proqramı təqdim olunub.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdam şəhərlərini ziyarət edib. Qonaqlar Şuşa qalası, Cıdır düzü, Gövhər Ağa məscidi, Qarabağ Universiteti və Xankəndidə yerləşən Zəfər Parkı ilə tanış olublar.

Layihənin donoru Azərbaycanın QHT Agentliyidir.


Mənbə: Modern.az

Bir cavab yazın