Şimali Kiprdəki azərbaycanlı tələbələrin sayı – ÖZƏL

Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın son illər əhəmiyyətli dərəcədə genişləyib.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib.

“Hazırda Şimali Kipr Türk Cümhuriyyətində təhsil alan azərbaycanlı tələbələrin sayı min nəfərə yaxınlaşır. Cəmi bir-iki il əvvəl bu rəqəm 400 nəfərə güclə çatırdı. Son illərdə ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafı nəticəsində hazırda minə yaxın azərbaycanlı tələbə Şimali Kipr Türk Cümhuriyyətində ali təhsil alır. Əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır. Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı alim və müəllim çalışır. Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlərdə dərs deyən çoxsaylı azərbaycanlı professorlar, dosentlər və müəllimlər var”.

Deputat vurğulayıb ki, Şimali Kipr universitetləri azərbaycanlı tələbələr üçün xüsusi güzəştlər də tətbiq edirlər:

“Hər bir universitet Azərbaycandan gələn tələbələr üçün xüsusi təqaüd proqramları təqdim edir. Eyni zamanda bəzi tələbələr təhsil haqları ilə bağlı müxtəlif güzəştlərdən yararlanırlar. Bu imkanlar Şimali Kipri xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün ən cəlbedici istiqamətlərdən birinə çevirib. Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən universitetlərin hamısı beynəlxalq standartlara uyğun akkreditasiyalara malikdir. Həmin universitetlərin diplomları Azərbaycan, Türkiyə və dünyanın bir çox ölkəsində tanınır”.


Mənbə: Modern.az

Bir cavab yazın