Şimali Kipr Baş nazirindən Bakıda qardaşlıq MESAJI

Bakıda təkcə mədəniyyət yox, qardaşlıq da güclənir

Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Şimali Kipr Mədəniyyət Günü” tədbirində çıxışı zamanı Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel deyib.

Baş nazir Şimali Kipr Türk Cümhuriyyəti nümayəndə heyətinin Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək tədbirin iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət etdiyini bildirib.

O qeyd edib ki, tədbirin keçirilməsi Azərbaycan rəhbərliyinin dəstəyi və iki ölkə arasında formalaşan dostluq əlaqələri nəticəsində mümkün olub:
“İlk növbədə bu gözəl mühitdə dəyərli protokolla və sevimli mətbuat nümayəndələri ilə bir arada olmaqdan məmnunluğumu ifadə edirəm. Şimali Kipr Türk Cümhuriyyəti nümayəndə heyəti olaraq Azərbaycanda olmaqdan və bu gün Şimali Kipr Mədəniyyət Günü münasibətilə sizlərlə bir araya gəlməkdən böyük məmnunluq hissi keçirirəm.”

Ü.Üstel çıxışında Azərbaycan dövlət rəhbərliyinə və əməkdaşlıqda rol oynayan şəxslərə təşəkkürünü də bildirib:
“Bu əlamətdar tədbirin reallaşmasına rəhbərlik edən, başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, Baş nazir cənab Əli Əsədova, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası Sədrinin müavini cənab Tahir Budaqova və Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyevə təşəkkür edirəm.”

Baş nazir tədbirin təşkilində əməyi olan digər şəxslərin də xidmətlərini yüksək qiymətləndirib:
“Eyni zamanda Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğluna, Türkiyə Respublikasının səfirinə, Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndəliyinə və bütün əməkdaşlara təşəkkür edirəm.”

Ü.Üstel çıxışının sonunda tədbirin əhəmiyyətini xüsusi vurğulayıb:
“Bu gün biz burada təkcə mədəniyyət tədbiri keçirmirik. Biz burada qardaşlığımızı möhkəmləndiririk, ortaq tariximizi və ortaq gələcəyimizi bir daha təsdiqləyirik”.


Mənbə: Modern.az

Bir cavab yazın