“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır – Təhsildə yenilik

AzEdu Təhsil Portalı daha  bir yeniliyə imza atır. Təhsildə baş verən proseslərin peşəkar və ətraflı şəkildə şərhi, analiz edilərək ictimaiyyətə çatdırılması, zəruri analitik hesabatların yaradılması məqsədilə portalın tərkibində “AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır.

AzEdu Təhsil Portalından Modern.az-a verilən məlumata görə, analitik mərkəz bir növ təhsillə bağlı müstəqil beyin mərkəzi funksiyasını həyata keçirəcək. Artıq müxtəlif məzmunlu hesabat, analizlərin aparılması üçün peşəkar təhsil mütəxəssisləri prosesə cəlb edilib.

“AzEdu Təhsil Analitika Mərkəzi”nin fəaliyyət istiqaməti çoxşaxəli olacaq. Hazırlanan hesabatlar birmənalı olaraq ölkə təhsilinə dəstək xarakteri daşıyacaq. Analitik mərkəz müxtəlif təhsil məzmunları ilə bağlı ölçmə və qiymətləndirmə işlərində rəsmi və etibarlı məlumatlara söykənərək peşəkar kəmiyyət və keyfiyyət sorğularını təşkil etməyi hədəfləyib.

Ali təhsil müəssisələrində tələbə məmnuniyyəti, tədris keyfiyyəti və məzunların işlə təmin olunma və sair məsələlərlə bağlı infoqrafikaların hazırlanması, həftəlik, aylıq, rüblük və illik təhsil hesabatlarının statistik cədvəllər formatında ictimaiyyətə çatdırılması, müəllimlərin iş keyfiyyətini dəyərləndirən və onların uğurlarını əks etdirən materialların təqdimi və s. Mərkəzin fəaliyyət istiqamətləri sırasında yer alır.


Mənbə: Modern.az

Bir cavab yazın