Ceyhun Məmmədovun sözlərindən narahat olanlar aynaya baxsın

Milli Məclisin deputatı Ceyhun Məmmədovun MEDİATÜRK TV-yə açıqlaması müzakirələrə səbəb olub. Millət vəkilinin ailə institutunun qorunması, boşanma hallarının artması və cəmiyyətdə mənəvi dəyərlərin maddi maraqlardan üstün tutulması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və media məkanında fərqli yanaşmalarla qarşılanıb. 

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə məsələyə münasibət bildirib. Seymur Verdizadə Modern.az saytına açıqlamasında deyib ki, plüralizm demokratik cəmiyyətlər üçün xarakterik olan ən mühüm dəyərlərdən biridir və hər bir insanın ictimai müzakirələrdə iştirak etmək hüququ var:

“Lakin unutmaq olmaz ki, danışmaq xatirinə danışmaq, əsassız sözlər demək sadəcə enerji itkisidir. Həm tərifin, həm də tənqidin arxasında ciddi bir motiv, sağlam bir məntiq dayanmalıdır”. 

Millət vəkilinin Azərbaycanda ailə institutunun tənəzzülə doğru getdiyinə dair narahatlığını bölüşən jurnalist bu ciddi sosial problem barədə açıq danışmağın vaxtının çoxdan çatdığını vurğulayıb:

“Ceyhun Məmmədov hər bir vətəndaşın ürəyindən xəbər verən məsələlərə toxunaraq deyib ki, ailələrinizi qoruyun, bu gün evlənib sabah boşanmayın. O, haqlı olaraq vurğulayır ki, həqiqi ailə xoşbəxtliyi, övlad məhəbbəti puldan, var-dövlətdən və maddi meyarlardan öndə gəlir. Ceyhun müəllim deyir ki, müqəddəs ailə bağlarını oyuncağa çevirməyin, evlənəndə də, boşananda da yüz ölçüb bir biçin. Deputat burada nəyi düz demir? Ceyhun Məmmədov cəmiyyətin mənəvi bütövlüyünü düşünən, milli-mənəvi dəyərlərimizin təəssübünü çəkən obyektiv və prinsipial bir ziyalıdır. Bir ziyalı kimi gəncləri ailə məsələlərində daha məsuliyyətli davranmağa səsləmək onun həm vətəndaşlıq, həm də mənəvi borcudur. Bu obyektiv fikirlər heç kimi qıcıqlandırmamalı, əksinə, ciddi düşünməyə sövq etməlidir. Şəxsən mən bu cəsarətli və prinsipial mövqeyinə görə Ceyhun Məmmədova təşəkkür edirəm. Əgər cəmiyyətdə mənəvi deqradasiya prosesi gedirsə, əsl ziyalı susmamalıdır. Düşünürəm ki, millət vəkilinin sözləri kimlərdəsə aqressiya yaratmamalıdır. Bu cür dəyərli fikirlərdən narahat olanlara öncə aynaya baxmağı tövsiyə edirəm”.


Mənbə: Modern.az

Bir cavab yazın