Azərbaycanın orta güc kimi yüksəlişi müzakirə olundu
BMTM-in təşkilatçılığı ilə Azərbaycanın artan orta güc rolu ilə bağlı konfrans keçirilib
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfrans keçirilib.
Modern.az xəbər verir ki, konfransın keçirilməsi Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də keçirilən müşavirədə Azərbaycanın beynəlxalq sistemdə orta güc statusuna yüksəldiyini vurğulaması fonunda xüsusi aktuallıq kəsb edir.
Tədbirin əsas məqsədi Azərbaycanın son illərdə praqmatik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun nəticələrini, tərəfdaşlıqların genişləndirilməsi və çoxtərəfli diplomatiyanın təşviqi istiqamətində əldə olunan nailiyyətləri orta güc konsepsiyası çərçivəsində nəzəri və praktik baxımdan təhlil etməkdir. Konfransda dövlət qurumları, beyin mərkəzləri, ali təhsil müəssisələrinin nümayəndələri, millət vəkilləri, ekspertlər, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən “Orta güc konsepsiyası və Azərbaycan təcrübəsi” adlı birinci panel orta güc modelinin nəzəri-konseptual əsaslarına, Azərbaycanın bu statusda formalaşmasına təsir edən amillərə, eləcə də ölkənin xarici siyasətinin təkamülü və transformasiyasına həsr olunub. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov, BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov panel çərçivəsində “orta güc” anlayışının mahiyyəti və müasir beynəlxalq münasibətlər sistemində yeri, bu konsepsiyaya dair nəzəri yanaşmalar, Azərbaycanın orta güc kimi yüksəlişini şərtləndirən amillər, həmçinin xarici siyasətdə strateji muxtariyyət və balanslaşdırılmış diplomatiya məsələləri barədə fikirlərini bölüşüblər.
BMTM-in şöbə müdiri Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən “Azərbaycanın orta güc kimi regional və qlobal rolunun təzahürləri” adlı ikinci panel isə dövlətimizin müasir dövrdə orta güc statusu çərçivəsində həyata keçirdiyi fəaliyyətlərə həsr olunub. Müzakirələr zamanı Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycanın regional sabitlik və əməkdaşlığın təşviqində rolu, enerji diplomatiyası vasitəsilə beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr, Orta Dəhlizin inkişafında və beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsində oynadığı rol, eləcə də qlobal təşəbbüslər və beynəlxalq əməkdaşlıq platformalarında artan fəallığı ilə bağlı müfəssəl çıxışlar ediblər.
Konfrans daha sonra sual-cavab sessiyası ilə davam etdirilib.
Mənbə: Modern.az
