5 ildə 593 qızın təhsilinə dəstək verilib – açıqlama
“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində son 5 il ərzində yüzlərlə qızın ali təhsil almasına dəstək göstərilib.
Modern.az xəbər verir ki, bunu “Qızların Təhsilinə Dəstək” layihəsinin “II Məzun Günü – 2026” tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Komitə sədri qeyd edib ki, layihənin həyata keçirildiyi 5 il ərzində ümumilikdə 593 qızın təhsilinə dəstək verilib:
“Bunlardan 239 nəfəri Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək təqaüd proqramının iştirakçısı olub. Təqaüdçülər ölkənin 60-dan artır regionunu və 31 ali təhsil müəssisəsini təmsil edirlər”.
B.Muradova bildirib ki, layihə artıq təkcə təqaüd proqramı deyil, müxtəlif istiqamətləri özündə birləşdirən geniş inkişaf platformasına çevrilib.
O həmçinin vurğulayıb ki, hazırda proqram iştirakçıları arasında Qarabağ Universitetində təhsil alan 10 tələbə də var.
“Bu gün fəxrlə deyə bilərik ki, layihənin iştirakçıları sırasında Qarabağ Universitetində təhsil alan qızlarımız da yer alır. Bu bizim üçün xüsusi qürur mənbəyidir”, – deyə komitə sədri əlavə edib.
Bahar Muradova qeyd edib ki, “Qızların Təhsilinə Dəstək” layihəsinin müxtəlif proqramları üzrə bu il 66 nəfər ali təhsilini başa vurur.
Onun sözlərinə görə, ötən ilin məzunları ilə birlikdə layihə çərçivəsində artıq 125 gənc qadın mütəxəssis kimi cəmiyyətə vəsiqə qazanıb:
“Builki məzunlarla birlikdə proqramlarımız üzrə artıq 125 nəfər peşəkar kadr kimi əmək bazarına daxil olur. Onlardan 20-yə yaxını ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib”.
Komitə sədri qızların STEM istiqamətlərinə marağının artdığını da diqqətə çatdırıb.
“Qızlarımızın kompüter elmləri, informasiya texnologiyaları, data analitikası və digər STEM sahələrinə göstərdiyi maraq bizi sevindirir. Bu, gələcəyin peşələrində qadınların daha fəal təmsil olunacağına inamımızı gücləndirir”, – deyə o əlavə edib.
B.Muradova şəhid ailələrinin üzvlərinə yönəlmiş təhsil proqramına da toxunaraq bildirib ki, bu istiqamət üzrə indiyədək 34 nəfər dəstək alıb:
“Şəhid əmanətlərinin təhsilinə töhfə vermək həm mənəvi məsuliyyət, həm də dövlət-vətəndaş həmrəyliyinin göstəricisidir”, – deyə B.Muradova qeyd edib.
Mənbə: Modern.az
