Gürcüstan Azərbaycanın yolu ilə gedir – Diplomatik Akademiya yaradılır
Gürcüstan hökuməti yeni ali təhsil müəssisəsi – Diplomatik Akademiya yaradacaq.
Modern.az xəbər verir ki, bu barədə mayın 8-də keçirilən Nazirlər Kabinetinin iclasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
Onun sözlərinə görə, hazırda dövlət və özəl universitetlərin mövcud fakültələri gələcək diplomatlara zəruri bilik və bacarıqların ötürülməsini tam şəkildə təmin edə bilmir.
Bildirilib ki, yeni akademiyanın artıq növbəti tədris ilindən tələbə qəbuluna başlaması nəzərdə tutulur. Akademiya Müdafiə və Daxili İşlər nazirliklərinə tabe olan hərbi və polis akademiyaları modeli əsasında fəaliyyət göstərəcək və ведомственный təhsil müəssisəsi statusuna malik olacaq.
“Məqsədimiz diplomatik xidmət üçün yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bu isə ölkəmizin xarici siyasət mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Kobaxidze bildirib.
Hazırda Gürcüstan diplomatlarının hazırlanması üzrə ən böyük mərkəz İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti hesab olunur. Gürcüstanın hazırkı xarici işlər naziri Maka Boçorişvili, eləcə də onun bir çox sələfləri həmin universitetin məzunlarıdır.
Diplomatik Akademiyanın yaradılması qərarı Gürcüstanda ali təhsil sistemində genişmiqyaslı islahatların başlanğıcı ilə eyni vaxta təsadüf edib. İslahatlar çərçivəsində dövlətin təhsil sifarişinin formalaşdırılmasında rolunun artırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda 2014-cü ildən etibarən Diplomatik Akademiya fəaliyyət göstərir.
Mənbə: Modern.az
