Məhərrəmlik öncəsi Bakıda toy “yağışı”: Şadlıq saraylarında boş yer qalmadı
Azərbaycanda builki Məhərrəm ayının iyunun 16-da başlaması ilə əlaqədar olaraq şadlıq saraylarında böyük sıxlıq və toy “yağışı” yaşanır. Hazırda paytaxtdakı əksər şadlıq saraylarında boş gün tapmaq demək olar ki, qeyri-mümkündür. Ölkədə bir çox vətəndaş məhərrəmlik dönəmində toy etməkdən çəkinsə də, bu ayda şadlıq edənlərin sayı da az deyil.
Modern.az paytaxtın tanınmış şadlıq sarayları arasında sorğu keçirərək məhərrəmlik ərəfəsindəki mövcud vəziyyəti, boş günləri və menyu qiymətlərini araşdırıb.
Belə ki, restoranların məhərrəmlik ayına yanaşması və təklif etdiyi güzəştlər fərqlidir. Məsələn, “Niaqara” şadlıq sarayının rəhbərliyi mövzu ilə bağlı ümumiyyətlə danışmaq və şərh vermək istəmədi. Buna rəğmən, “Altun saray” məhərrəmlik ayında toy qəbul etdiklərini və bunun heç bir problem yaratmadığını bildirib. Hazırda iyunun 16-na boş yeri olan məkanda menyular 70-120 AZN arasında dəyişir, lakin şou-proqram qiymətə daxil edilmir və əlavə olaraq 1500 AZN-dən başlayır.
Paytaxtın digər məkanı “Grand Neon” şadlıq sarayında isə vəziyyət daha gərgindir. Belə ki, burada məhərrəmlik ayına qədər olan bütün günlər tamamilə dolub. Hətta artıq məhərrəmlik ayı daxilinə də sifarişlər qəbul edilib və yerlər tutulub. Məhərrəmliklə normal günlər arasında menyu qiymətində fərq olmasa da, bu ayda toy edənlərə menyu başına təxminən 20 manatlıq xüsusi endirim tətbiq olunacağı deyildi. Menyu qiymətləri isə 110-170 AZN aralığında dəyişir.
Bənzər addımı “Delux” şadlıq sarayı da atır. İyunun 10-u və 11-nə boş yerləri olan bu məkanda digərlərindən fərqli olaraq musiqi və çəkiliş xidmətləri 55, 65, 75 və 100 AZN-lik premium menyu qiymətlərinə daxil edilib. Toyları Aşura gününə qədər qəbul edən restoran xüsusilə 300 nəfərlik məclislər üçün rəqabət güzəşti də təklif edir. Yəni başqa yerdə 85 AZN-ə təklif olunan menyunu bura müraciət etdikdə 75 AZN-ə təşkil edə bilirlər.
Nisbətən yüksək qiymətləri ilə seçilən “Hollywood” şadlıq sarayında isə iyunun 10-u boşdur. Məhərrəmlikdə də qapılarını toy sahiblərinin üzünə açan məkanda menyu qiymətləri 130-200 AZN arasında dəyişsə də, rəhbərlik fərdi danışıqlar əsasında endirimlərin mümkün olduğunu deyir.
Sorğunun nəticələri göstərir ki, məhərrəmlik ayının başlamasına sayılı günlər qalmış restoranlar müştəri cəlb etmək üçün xüsusi endirim kampaniyalarına və paket xidmətlərə üstünlük verirlər. Bu ayda toy edənlərin sayı ötən günlərə nisbətən az olsa da, yenə də mövcuddur.
Töhfə Səməd
Mənbə: Modern.az
