6-7 min manatlıq ödəniş əlavə təhsilə marağı azaldır – AÇIQLAMA
Dünyada geniş yayılan “ömürboyu təhsil” (lifelong education) konsepsiyası çərçivəsində insanlar yaşından, peşəsindən və sosial statusundan asılı olmayaraq istənilən dövrdə yenidən təhsil almaq imkanı əldə edirlər. Azərbaycanda da əlavə təhsilə müraciət edənlərin sayı artır. Bununla belə, ekspertlər hesab edirlər ki, bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, ömürboyu təhsilin əsas istiqamətlərindən biri məhz əlavə təhsildir:
“Əlavə təhsil beynəlxalq təcrübədə daha çox peşə təhsili ilə əlaqələndirilir. Müəyyən ixtisas üzrə təhsil almış şəxs illər sonra tamam başqa sahədə özünü inkişaf etdirmək və ya yeni peşəyə yiyələnmək imkanı qazanır. Son illərdə ali təhsildə də bu istiqamətə maraq əhəmiyyətli dərəcədə artıb. Vaxtilə müxtəlif səbəblərdən istədiyi ixtisası seçə bilməyən insanlar sonradan əlavə təhsil vasitəsilə həmin sahədə oxumaq şansı əldə edirlər”.
Ekspertin sözlərinə görə, ali təhsildə əlavə təhsilin müxtəlif formaları mövcuddur:
“Bəzi proqramlar yalnız ixtisasartırma və peşəkar inkişaf məqsədi daşıyır. Digər proqramlar isə şəxsin tamamilə yeni sahəyə keçid etməsinə imkan yaradır. Məsələn, jurnalistika üzrə təhsil alan biri sonradan maliyyə ixtisası üzrə də təhsil ala bilər. Bu, insanların əmək bazarının tələblərinə uyğunlaşması baxımından mühüm üstünlükdür”.
Elmin Nuri qeyd edib ki, Azərbaycanda əlavə təhsil üzrə qəbul proseduru bir çox ölkə ilə müqayisədə daha sadədir:
“Bakı Dövlət Universiteti istisna olmaqla, əksər ali məktəblərdə əlavə təhsil üçün qəbul imtahanı keçirilmir. Bəzi universitetlər yalnız müsahibə mərhələsi təşkil edir. Elə ali təhsil müəssisələri də var ki, ümumiyyətlə müsahibə keçirilmir. Məsələn, UNEC-də sənədlər tələblərə uyğun olduğu halda müraciətçi birbaşa qəbul olunur”.
Ekspert hesab edir ki, mövcud müsbət imkanlarla yanaşı, bu sahədə həllini gözləyən problemlər də var:
“Əlavə təhsil üzrə ixtisasların sayı artırılmalıdır. Hazırda bu imkan yalnız məhdud sayda universitetdə və məhdud ixtisaslar üzrə mövcuddur. Digər tərəfdən, Təhsil Tələbə Kredit Fondu artıq bir neçə ildir əlavə təhsil alanlara da kredit ayırır ki, bu, müsbət addımdır. Lakin iki əsas problem qalır. Birincisi, seçim imkanı verən ixtisasların azlığıdır. İkincisi isə illik təhsil haqlarının yüksək olmasıdır. Bəzi proqramlarda ödəniş 6-7 min manat civarındadır ki, bu da bir çox vətəndaş üçün əlçatan deyil”.
Elmin Nuri əlavə edib ki, ümumilikdə Azərbaycanda əlavə təhsil sahəsində vəziyyət müsbət qiymətləndirilə bilər.
Onun fikrincə, gələcəkdə ixtisasların sayının artırılması və təhsil haqlarının daha əlçatan səviyyəyə endirilməsi bu sahənin inkişafına ciddi töhfə verə bilər.
Mənbə: Modern.az
