Ekspert: Dünənki imtahanda suallar çətin deyildi
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də digər bölmələrdə təhsil alan şagirdlər üçün Azərbaycan dili (dövlət dili) imtahanı keçirib.
Təhsil eksperti Elçin Əfəndi Modern.az-a bildirib ki, iyunun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan əsasən digər bölmələrdə təhsil alan şagirdlər üçün Azərbaycan dili (dövlət dili) imtahanı olub.
Onun sözlərinə görə, bu imtahanda uğur qazanan abituriyentlər həm 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə, həm də 11 illik baza üzrə orta ixtisas və ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək hüququ əldə edirlər.
Ekspert qeyd edib ki, bu imtahan may ayının əvvəlində keçirilən ilk mərhələdə müsabiqə şərtini ödəyə bilməyən namizədlər üçün ikinci və son şans idi.
“Sualların qoyuluşu əvvəlki illərlə müqayisədə o qədər də çətin deyildi. İmtahan Azərbaycan dili – dövlət dili fənni üzrə keçirilib. İştirakçı sayı da kütləvi olmayıb, təxminən 300-400 nəfər imtahanda iştirak edib”, – deyə Elçin Əfəndi bildirib.
O əlavə edib ki, bu imtahandan uğurla keçən namizədlər müvafiq olaraq həm 9 illik, həm 11 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinin, eləcə də ali təhsil müəssisələrinin qəbul müsabiqəsində iştirak edə biləcəklər.
Mənbə: Modern.az
