Kolleclərə maraq azalıb: yüzlərlə boş yer var

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri bəzi kolleclərə marağın xeyli zəiflədiyini göstərir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan “2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar”da məlumat verilib.

Bildirilib ki, ümumi orta təhsil bazasında qəbul aparılan 41 orta ixtisas təhsili müəssisəsi arasında plan yerlərinin ən zəif dolduğu kollec Ağdam Musiqi Kolleci olub. Kollecdə 102 plan yerinin 70-i boş qalıb. Bu da planın 68,63 faizinin dolmaması deməkdir.

Məlumata əsasən, boş qalan yerlərin sayına görə ikinci sırada Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci dayanır. Həmin kollecdə 115 plan yerinin 51-i boş qalıb və boşluq faizi 44,35 olub.

İlk üçlükdə yer alan digər təhsil müəssisəsi isə Şuşa Humanitar Kollecidir. Burada 103 plan yerinin 37-si boş qalıb. Bu isə kollecdə yerlərin 35,92 faizinin tutulmaması deməkdir.

Statistika göstərir ki, plan yerlərinin dolmaması problemi təkcə bu kolleclərlə məhdudlaşmır. Şəki Dövlət Regional Kollecində 235 plan yerinin 57-si boş qalıb və göstərici 24,26 faiz təşkil edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində 270 plan yerinin 64-ü boş qalıb ki, bu da 23,70 faiz deməkdir. Naxçıvan Musiqi Kollecində isə 148 plan yerinin 35-i tutulmayıb və boşluq 23,65 faiz olub.

Siyahının davamında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec yer alır. Burada 295 plan yerinin 54-ü boş qalıb və göstərici 18,31 faiz təşkil edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 236 plan yerinin 40-ı boş qalıb, dolmayan yerlərin payı isə 16,95 faiz olub.

DİM-in məlumatına görə, Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsində boş qalan yerlərin payı 13,89 faiz, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec13,53 faiz, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində isə 12,12 faiz təşkil edib.

Bununla yanaşı, bəzi kolleclərdə plan yerlərinin demək olar ki, tam dolduğu görünür. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində 361 plan yerindən cəmi 3-ü boş qalıb. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində isə 194 plan yerinin yalnız 2-si tutulmayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 135 plan yerinin 5-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində isə 77 plan yerinin 2-si boş qalıb.

Maraqlıdır ki, boş qalan yerlərin çoxluğu qəbul olunanların orta bal göstəricilərində də özünü göstərir. Belə ki, ən zəif nəticə göstərən kolleclər arasında Ağdam Musiqi Kolleci də var. Burada qəbul olunanların orta balı 76,159 olub. Eyni zamanda, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində orta bal 98,973, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində isə 96,402 təşkil edib.

Ən yüksək orta bal toplayan kolleclər sırasında isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci seçilir. Burada qəbul olunanların orta balı 180,108 olub. Sonrakı yerlərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci (165,793) və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (161,842) qərarlaşıb.


Mənbə: Modern.az

Bir cavab yazın