Avropa Ukrayna üzərində məsuliyyət götürmək istəmir – RƏY
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO ölkələrindən daha çox dəstək almaq üçün nüvə silahı məsələsindən istifadə cəhdi nəticəsiz qalıb.
O qeyd edib ki, Zaxarova, NATO sammitinin yekun bəyannaməsində Ukraynanın alyansa üzvlüyü ilə bağlı konkret müddəanın olmadığını qeyd edib və Ukrayna tərəfini dinc əhaliyə qarşı terror aktlarını gücləndirmələri ilə təqsirləndirib.
Mövzu ilə bağlı Ədalət partiyasının sədri Mütəllim Rəhimli Modern.az-a açıqlama verib.
Politoloq hazırda NATO üçün əsas prioritetin genişlənmək deyil, öz birliyini qorumaq olduğunu bildirib:
“Rusiya-Ukrayna müharibəsi beynəlxalq aləmdə kifayət qədər bölünmə yaradıb. NATO daxilində də ABŞ ilə Avropa ölkələri arasında ciddi fikir ayrılığı formalaşıb. Demək olar ki, NATO hazırda öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır. Çünki ABŞ-nin sərgilədiyi mövqe kifayət qədər konkret və qətidir”.
O qeyd edib ki, Ukrayna məsələsinə münasibətdə Avropa ölkələri güzəştli yanaşmanı dəstəkləmir.
“Amma Birləşmiş Ştatlar atəşkəsin əldə olunmasına və bunun üçün Ukraynanın öz itkiləri ilə barışmasının vacibliyini vurğulayır. Əgər müharibənin ilk illərində Ukraynanın NATO-ya üzvlüyü məsələsi açıq şəkildə gündəmə gətirilirdisə, artıq bununla bağlı çağırışlar səngiyib. Bir sıra Avropa ölkələrində də bu məsələyə münasibətdə tərəddüdlər yaranıb. Onlar Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün təmin olunması üçün öz xalqlarının üzərinə sosial, siyasi və hərbi məsuliyyət götürmək istəmirlər. Buna görə də indiki mərhələdə NATO-nun qorunub saxlanılması, onun genişləndirilməsindən və başqa bir ölkənin təhlükəsizliyinin qarantı kimi çıxış etməsindən daha önəmli hesab olunur”.
Nicat Rüstəmzadə
Mənbə: Modern.az
