Təhsil Bu gün, 15:19 BMU-da yeni ixtisas: “Mühəndislikdə idarəetmə”
Bakı Mühəndislik Universitetində (BMU) magistratura səviyyəsində açılan yeni ixtisaslaşmalardan biri də “Mühəndislikdə idarəetmə”dir. Mühəndislik fakültəsində tədris olunacaq bu ixtisaslaşmanın məqsədi mühəndislik layihələrinin planlaşdırılması, resursların səmərəli bölüşdürülməsi, risk və keyfiyyətin idarə edilməsi istiqamətlərində dərin nəzəri biliklərə və praktik bacarıqlara malik mütəxəssislər yetişdirməkdir.
Təhsil proqramı mühəndislik və menecment sahələrini inteqrasiya etməklə tələbələrdə layihələrin səmərəli təşkili, strateji qərarların qəbulu, komandaların koordinasiyası, innovativ həllərin tətbiqi üzrə peşəkar kompetensiyaların formalaşdırılmasını təmin edir. Proqramın məzunları texniki biliklərini idarəetmə bacarıqları ilə birləşdirərək sənaye, tikinti, enerji, nəqliyyat, informasiya texnologiyaları və digər iqtisadi fəaliyyət sahələrində layihələrin və proseslərin idarə edilməsi, həmçinin müxtəlif səviyyələrdə rəhbər vəzifələrin icrası üçün zəruri bilik və bacarıqlara malik olurlar.
İxtisaslaşmanın tədris proqramının ilk mərhələsində nəzəri baza yaratmaq üçün tələbələr mühəndislik və idarəetmə sahələri üzrə zəruri biliklər əldə edirlər. Növbəti mərhələdə tələbələrə mühəndislikdə idarəetmə üzrə əsas ixtisas fənləri tədris olunur. Ardınca tələbələr əldə etdikləri nəzəri biliklərin real iş mühitində tətbiq edilməsi və praktiki bacarıqların qazanılması məqsədilə istehsalat təcrübəsi keçir, magistrlik dissertasiyası hazırlayırlar.
Tədris prosesi texniki biliklərlə yanaşı, layihəyönümlü təlim, probleməsaslı təlim, keys metodu, innovativ təhsil texnologiyalarından istifadə və digər müasir metodlar əsasında təşkil olunacaq. İxtisaslaşma çərçivəsində magistrantlara mühəndislik iqtisadiyyatı, müəssisələrdə insan resurslarının idarə edilməsi, mühəndislik etikası, texnoloji avadanlıqların idarə olunmasında erqonomika və texniki dizayn, tədqiqat metodları, mühəndislik layihələrinin idarə edilməsi, texnoloji proseslərin optimallaşdırılması, istehsal və əməliyyatların idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi, keyfiyyət və risklərin idarə olunması, strateji idarəetmə, qənaətli istehsal sistemləri və digər ixtisas fənləri tədris olunacaq.
Magistrantlar üçün elmi-tədqiqat təcrübəsi və elmi-pedaqoji təcrübənin keçirilməsi də nəzərdə tutulur.
Mənbə: Modern.az
