Aktual Bu gün, 17:56 Ermənistanın hərbi balans yaratmaq cəhdi sıfıra bərabərdir – İZAH
Ermənistanın son illərdə Hindistandan böyük həcmdə silah və hərbi texnika alması rəsmi Bakı tərəfindən diqqətlə izlənilir.
Modern.az xəbər verir ki, həmin silahlar arasında 155 mm/52 kalibrli ATAGS, Trajan və Dhanush artilleriya sistemləri də yer alır.
Xüsusən, Ermənistanda son hərbi parad zamanı nümayiş etdirilən ATAGS və Trajan kimi uzaqmənzilli artilleriya sistemləri texniki göstəricilərinə görə diqqət çəksə də, onların Azərbaycanla nəzəri hərbi konflikt zamanı hərbi faydası olmayacaq.
Bu, Ermənistanla şərti sərhəd xəttimizin coğrafi xüsusiyyətləri nəzərə alınaraq verilən qiymətdir. Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsi dağlıq və dağətəyi ərazilərdən ibarətdir ki, bu da ağır artilleriya sistemlərinin hərəkət və yerləşdirilməsini xeyli çətinləşdirir.
Belə ki, təxminən 18 ton ağırlığında olan ATAGS və Trajan sistemləri dar dağ yollarında və mürəkkəb relyef şəraitində manevr problemləri ilə üzləşə bilər. Uzun lüləli bu haubitsaların mövqe dəyişməsi və maskalanması da daha çətin hesab olunur.
Unudulmamalıdır ki, müasir döyüş şəraitində artilleriya qurğularının mövcudluğu təkcə atəş məsafəsindən deyil, həm də onların aşkar olunmadan mövqe dəyişmək imkanlarından asılıdır. Bu baxımdan ağır və iriölçülü sistemlərin Ordumuzun arsenalındakı pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raketlər və kamikadze dronlar üçün daha asan hədəfə çevriləcəyi faktdır.
Azərbaycan Ordusunun son illərdə formalaşdırdığı pilotsuz uçuş aparatları, zərbə dronları, kəşfiyyat vasitələri və yüksək dəqiqlikli raket sistemləri şübhəsiz regionda ən böyük atəş gücünə malikdir. Bu baxımdan açıq və ya yarıaçıq mövqelərdə yerləşdirilən ağır artilleriya qurğularının aşkar edilərək məhv edilməsi Azərbaycan üçün ciddi problem yaratmaz.
Ermənistanın uzaqmənzilli artilleriya sistemləri düzənlik və səhra ərazilərdə daha səmərəli istifadə olunsa da, Cənubi Qafqazın mürəkkəb dağlıq relyefində onların üstünlükləri tamamilə itir. Bu səbəbdən Ermənistanın Hindistandan aldığı bahalı artilleriya sistemlərinin hərbi balansı dəyişdirə biləcəyi barədə fikirlər illüziyadır.
İrəvanın son illərdə həyata keçirdiyi silahlanma siyasəti daha çox hərbi balans yaratmaq cəhdi kimi qiymətləndirilsə də, regionda ən güclü orduya malik Azərbaycanın texnoloji üstünlüyü, döyüş təcrübəsi və müasir zərbə imkanları fonunda bu cəhdlər sıfıra bərabərdir.
Mənbə: Modern.az