Vurğun Əyyubun qızı Bakıda müzakirə açacaq

Bakıda Türkiyənin İstanbul Universitetində təhsil alan doktorant Aytən Əyyublunun seminarı keçiriləcək.

Xəzər Universitetində keçiriləcək seminar “Azərbaycanın latın qrafikalı əlifbaya keçid prosesinin Türkiyədə aparılan əlifba müzakirələrinə təsiri (1923–1930-cu illər)” adlanır. Məruzəçi Aytən Əyyublu Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində doktorantura təhsili alır.

Modern.az-ın məlumatına görə, Aytən Əyyublu keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri mərhum Vurğun Əyyubun qızıdır.

Xatırladaq ki, Vurğun Əyyub 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə ilk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini gerçəkləşdirib.

V.Əyyib 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

2014-cü ilə Müsavatda rəhbərlik dəyişəndən sonra V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılıb və sıravi üzv kimi qalıb.

Daha sonra Müsavatı tərk edən Vurğun Əyyub 2015-ci ildə tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.

V.Əyyub uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, 2019-cu ilin 24 sentyabrında 62 yaşında vəfat edib.

Mərhum ictimai-siyasi xadim Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbristanlığında dəfn edilib.

A.Qorxmaz


Mənbə: Modern.az

Bir cavab yazın